Çin “Changzheng-6C” raket daşıyıcısı vasitəsilə dörd peykini uğurla orbitə yerləşdirib.
Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
Korporasiyanın “WeChat” səhifəsində yayılan məlumata görə, CZ-6C raketi Pekin vaxtı ilə saat 11:53-də Şansi əyalətinin şimalındakı Tayyuan Peyk Buraxılış Mərkəzindən kosmosa göndərilib.
Raket kosmik bulud texnologiyalarının sınağı üçün nəzərdə tutulan iki peyki, həmçinin “Zhongke-12” və “Zhongke-13” peyklərini orbitə çatdırıb.
Qeyd olunub ki, missiya zamanı buraxılış vasitəsinin üfüqi vəziyyətdə yığılması, sınaqdan keçirilməsi və daşınmasını nəzərdə tutan hazırlıq sxemindən ilk dəfə istifadə edilib. Bundan əlavə, bu tip raket ilk dəfə yeni buraxılış meydançasından kosmosa göndərilib. Bu, “Long March” raket ailəsinin sayca 683-cü buraxılışı olub.
İki mərhələli CZ-6C raketi kerosin və maye oksigenlə işləyir. Onun uzunluğu 43 metr, burun örtüyünün diametri isə 3,35 metrdir.
Raket aşağı Yer orbitinə 4,5 tonadək faydalı yük çıxara bilir. Daşıma qabiliyyəti geostasionar orbitə keçid trayektoriyasında 2 ton, 500 kilometr yüksəklikdəki günəş-sinxron orbitdə isə 2,4 ton təşkil edir.