Bu gün OPEC+ nazirləri 2027-ci ilin əvvəlinə qədər neft hasilatı planlarını müzakirə etmək üçün videokonfrans vasitəsilə görüşəcəklər.
Bundan əlavə, OPEC+ Nazirlər Monitorinq Komitəsinin və OPEC+ Yeddilik Qrupunun iclasları da planlaşdırılır.
OPEC+ nazirlərinin iclasları yarım ildə bir dəfə keçirilir. Sonuncu belə görüş 7 iyunda onlayn olaraq baş tutub.
OPEC+ ölkələri ənənəvi olaraq mövcud neft bazarını müzakirə və gələn il üçün istehsal planlarını müəyyən edəcəklər. Noyabrın ortalarında OPEC OPEC+ ölkələrinin maksimum istehsal gücünün qiymətləndirilməsi mexanizmi üzrə yekun iclas keçirdiyini açıqlayıb. Qiymətləndirmə Degolyer & Macnaughton və Shri Chandra Energy & Data Processing şirkətləri tərəfindən aparılıb.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, OPEC+ ölkələri iclasda sazişin maksimum istehsal gücünün qiymətləndirilməsinin hazırkı vəziyyətini nəzərdən keçirəcəklər. O bildirib ki, bu işin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
2027-ci il kvotaları məsələsi sazişin üzv ölkələri üçün əsas məsələdir. Reuters agentliyinin məlumatına görə, Qazaxıstan və İraq OPEC+-dan neft hasilatı güclərinin səviyyəsini artırmağı xahiş edirlər. Bloomberg həmçinin mənbələrə istinadən xəbər verib ki, İraq hakimiyyəti OPEC+ tərəfindən sifariş edilmiş tutum qiymətləndirməsinin nəticələrini rədd edib: bu qiymətləndirmə ölkənin maksimum neft hasilatı limitini gündə 5 milyon bareldən az olaraq müəyyən edib ki, bu da bu gün nəzərdə tutulan onlayn görüşü çətinləşdirə bilər. İraqın neft naziri Bassem Mohammed Xudair bildirib ki, ölkə neft hasilatı limitini artırmaq üçün OPEC ilə danışıqlar aparır.
Qazaxıstan da mövcud hasilat kvotasının artırılmasını tələb edir.
Reuters OPEC+ nümayəndə heyətlərindəki mənbələrə istinadən bildirib ki, alyans mövcud neft hasilatı kvotalarını 2027-ci ilin yanvar ayına qədər saxlamağı nəzərdən keçirir. Nəşrin mənbələrindən biri qeyd edib ki, belə bir qərar Yaxın Şərqdəki münaqişəyə görə qeyri-müəyyənliklə bağlı ola bilər.(musavat.com)