İran ordusunun Starlink peyk rabitə sistemindən hərbi məqsədlərlə istifadə etməsi SpaceX rəhbəri İlon Maskı ciddi narazı salıb. Şirkətdə aparılan daxili araşdırmadan sonra ən azı iki yüksək vəzifəli əməkdaşın işdən çıxarıldığı bildirilir.
“The Washington Post” qəzetinə istinadən, İran hərbçiləri Starlink terminallarından qoşunların əlaqələndirilməsi və hücum dronlarının idarə olunması üçün istifadə ediblər. Bundan başqa, ABŞ istehsalı LUCAS kamikaze dronlarında SpaceX-in hərbi rabitə sistemi Starshield-in daha ucuz versiyasından yararlanıldığı iddia olunur.
Hadisələrdən sonra SpaceX peyk terminallarına nəzarəti gücləndirib, bəzi istifadəçilər üçün şəxsiyyət yoxlamalarını sərtləşdirib və aylıq xidmət haqqını artırıb. Şirkət həmçinin rəsmi dilerlərdən müştəriləri daha ciddi yoxlamağı tələb edib.
Məsələ SpaceX ilə Pentaqon arasında da mübahisəyə səbəb olub. Mübahisənin əsas səbəbi hərbi dronlarda istifadə edilən rabitə sisteminin qiyməti və müqavilə şərtləri olub.
Qəzet yazır ki, SpaceX-in İranla bağlı əsas problemi ölkədə təsdiqlənmiş terminalların “ağ siyahısını” yarada biləcək etibarlı rəsmi tərəfdaşın olmamasıdır. Ukraynada isə Kiyevin əməkdaşlığı ilə Rusiyanın dronlarına qarşı Starlink istifadəsinə texniki məhdudiyyətlər tətbiq edilib.
İranda internetin tamamilə kəsilməsi isə hərbi istifadə ilə yanaşı, müxalifətçilərin və adi vətəndaşların da peyk rabitəsindən məhrum olması riskini yaradır.