Durov iPhone istifadəçilərinə xəbərdarlıq etdi: Sadəcə sayta daxil olmaq kifayətdir

“Telegram”ın qurucusu Pavel Durov köhnə iOS versiyalarından istifadə edən iPhone sahiblərini kütləvi kiberhücum təhlükəsi barədə xəbərdar edib.

Durovun sözlərinə görə, kibercinayətkarlar bəzi hallarda istifadəçinin sadəcə zərərli internet səhifəsini açması ilə telefona müdaxilə edə bilirlər. Bu zaman şəxsi məlumatlar və istifadəçi hesabları təhlükə altına düşə bilər.

Durov bildirib ki, “Telegram” köhnə iOS versiyalarından istifadə edən bütün istifadəçilərə təhlükəsizlik xəbərdarlığı göndərir. Mesajda sistemdəki boşluqların şəxsi məlumatları və hesabları riskə atdığı vurğulanır.

Noyabr ayında kibertəhlükəsizlik üzrə mütəxəssislər iPhone istifadəçilərinə qarşı bir neçə genişmiqyaslı hücum kampaniyası aşkar ediblər. Xüsusilə, “Confiant” şirkətinin araşdırdığı MoldyRoost adlı zərərli reklam şəbəkəsi 480-dən çox reklam domenindən istifadə edib və 47-dən artıq ölkədəki istifadəçiləri hədəfə alıb. Hücumlarda köhnə iOS versiyalarına qarşı hazırlanmış Coruna və DarkSword alətlərindən istifadə edildiyi bildirilir.Durov konkret olaraq hansı hücumların və boşluqların nəzərdə tutulduğunu açıqlamayıb.

iPhone sahiblərinə tövsiyə: Telefonun əməliyyat sistemini yeniləmək üçün “Settings” bölməsinə daxil olmaq, “General” və daha sonra “Software Update” seçimini açaraq mövcud son yeniləməni quraşdırmaq lazımdır.

Qeyd edək ki, oktyabrın sonunda “Apple” iPhone və iPad cihazlarında 163 təhlükəsizlik boşluğunu aradan qaldıran yeniləmə yayımlamışdı.