Ukrayna noyabrın 28-nə keçən gecə Rusiyanın Rostov və Samara vilayətlərində yerləşən iki neft infrastrukturuna dronlarla hücum edib. Zərbələr nəticəsində hər iki obyektdə yanğın baş verib.
“Ukrainska Pravda”nın məlumatına görə, Rostov vilayətində yerləşən Novoşaxtinski Neft Emalı Zavodu yenidən dron hücumuna məruz qalıb. Hücumdan sonra müəssisənin ərazisində güclü yanğın qeydə alınıb.
Digər zərbə Samara vilayətində, Prosvet kəndi yaxınlığındakı Samara xətti istehsal və dispetçer stansiyasına endirilib. Bu obyekt xam neftin saxlanılması, qarışdırılması və boru kəmərləri vasitəsilə nəqlində mühüm rol oynayır.
Hücumların görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisələr nəticəsində dəymiş ziyanın miqyası və obyektlərin fəaliyyətinə təsir barədə hələlik ətraflı məlumat yoxdur.
Qeyd edək ki, Novoşaxtinski Neft Emalı Zavodu noyabrın 23-də də hücuma məruz qalmışdı. Həmin vaxt müəssisənin fəaliyyətini dayandırdığı açıqlanmışdı. Zavodun illik neft emalı gücü 7,5 milyon ton təşkil edir.
İmran Kərimli