Qədim Misirin müqəddəs pişiklərinə işgəncə verilib? - Alimlər şok faktları üzə çıxardı – Foto

Alimlər min illər əvvəl müqəddəs hesab edilən pişiklərin əslində hansı şəraitdə saxlaıldığını üzə çıxarıblar.

Bizim.Media “Journal of Archaeological Science”də dərc olunan araşdırmaya istinadən xəbər verir ki, Qədim Misirdə pişiklər müqəddəs heyvan hesab edilir, onların bəziləri mumiyalanaraq dini mərasimlərdə tanrılara təqdim olunurdu.

Tədqiqatçılar Avstriyanın Vyana şəhərindəki Təbiət Tarixi Muzeyində saxlanılan 131 qədim pişik kəlləsini araşdırıblar. Araşdırmanın nəticələri göstərib ki, kəllələrin 81-də, yəni təxminən 62 faizində xəstəlik və ya fiziki zədə əlamətləri mövcuddur. Alimlər heyvanların qalıqlarında diş əti xəstəlikləri, diş itkisi, sümük zədələri, sınıqlar və infeksiyalarla əlaqələndirilə bilən dəyişikliklər aşkarlayıblar.

Bəzi pişiklər insanlar tərəfindən öldürülüb

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri heyvanların bəzilərinin zorakılığa məruz qalmasıdır. 14 kəllədə ciddi fiziki xəsarət izləri müəyyən edilib. Bəzi zədələr digər pişiklərin dişləməsi nəticəsində yaranıb. Digərlərində isə iti metal alətlərlə və ya ağır əşyalarla vurulma izləri aşkarlanıb. Bəzi yaraların sağalması heyvanların zorakılıqdan sonra müəyyən müddət yaşadığını göstərir. Digər xəsarətlər isə ölümcül olub.

Tədqiqatçılar pişiklərin bir qisminin mumiyalanaraq dini qurban kimi təqdim edilməzdən əvvəl qəsdən öldürüldüyünü ehtimal edirlər. Kəllə sınıqları ölüm səbəbləri arasında xüsusi yer tutur.

Müqəddəs pişiklər necə şəraitdə saxlanılırdı?

Qədim Misirdə pişiklər ilahə Bastetlə əlaqələndirilirdi. Pişik başlı qadın formasında təsvir edilən Bastet ailənin, qorunmanın və məhsuldarlığın ilahəsi hesab olunurdu. İnsanlar tanrıların rəğbətini qazanmaq üçün heyvan mumiyalarını dini məkanlara təqdim edirdilər. Bu ənənəyə tələbat artdıqca pişiklərin yetişdirilməsi və mumiyalanması geniş yayılmışdı.

Yeni araşdırmanın müəllifləri hesab edirlər ki, mumiyalanmaq üçün nəzərdə tutulan pişiklər məhdud ərazilərdə, sıx şəraitdə saxlanılmış ola bilər. Belə mühit heyvanlar arasında qarşıdurmalara, xəstəliklərin yayılmasına və stressə səbəb ola bilərdi. Araşdırmada maraqlı başqa bir məqam da üzə çıxıb.

Belə ki, 131 kəllədən yeddisi ev pişiyi deyil, cəngəllik pişiyi kimi tanınan vəhşi növə aid olub. Alimlər onların təbii yaşayış yerlərindən gənc yaşlarında tutulduğunu və digər pişiklərlə birlikdə saxlanıldığını düşünürlər.

Tədqiqatçılar araşdırmanın bəzi məhdudiyyətlərinin olduğunu da vurğulayırlar. Əldə olan nümunələr əsasən kəllələrdən ibarət olduğuna görə heyvanların yaşadığı mühitin bütün xüsusiyyətlərini müəyyənləşdirmək mümkün deyil. Araşdırma göstərir ki, tanrılara təqdim edilən və müqəddəs hesab olunan hər bir heyvanın həyatı heç də qorunmuş və rahat olmayıb.