Məkkə İttifaqının məqsədi sülhə töhfə verməkdir - Fidan

Birgə Müdafiə üçün Məkkə Sazişi çərçivəsində yaradılan ittifaqın əsas məqsədi üzv ölkələrin hərbi və müdafiə sənayesi imkanlarını birləşdirərək daha böyük güc formalaşdırmaq, sülhə və sabitliyə töhfə verməkdir.

Nazir bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İslamabadda Məkkə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci növbəti iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Fidan qeyd edib ki, saziş imzalandığı gündən əsas hədəflər ittifaqın institusionallaşması və fəaliyyətə başlaması olub. Onun sözlərinə görə, ittifaqın mülki qərargahı olacaq baş katibliyin və hərbi qərargah funksiyasını yerinə yetirəcək birgə hərbi komandanlığın yaradılması ilə bağlı prinsipial qərarlar qəbul edilib. Komitə bir sıra qərarları təsdiqləyib, bəzi məsələlərin müzakirəsi isə növbəti iclasa saxlanılıb.

Nazir növbəti komitə iclasına Türkiyənin ev sahibliyi edəcəyini açıqlayıb. O, gündəlikdə katibliyin strukturu, birgə əməliyyatlar, qüvvələrin ayrılması, təlim, planlaşdırma, təşkilatlanma və beynəlxalq əlaqələr kimi məsələlərin olduğunu bildirib.

Fidanın sözlərinə görə, iclasda regional problemlər də müzakirə edilib. Fars körfəzindəki vəziyyət, Səudiyyə Ərəbistanının husilərdən qaynaqlanan təhlükə ilə üzləşməsi, ABŞ və İran arasında aparılan danışıqların perspektivləri və onların müsbət nəticələnməsi üçün atıla biləcək addımlar nəzərdən keçirilib. Ukrayna məsələsi də müzakirə olunan mövzular arasında olub.

Hakan Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Məkkə İttifaqının yaradılması ilə bağlı təşəbbüsünün digər ölkə liderləri tərəfindən də dəstəkləndiyini bildirib. O, ittifaqa qoşulmaq istəyən digər ölkələrlə bağlı müzakirələr aparıldığını və bəzi prinsipial qərarların qəbul edildiyini qeyd edib.