Lənkəranda baş verən qəzada 25 yaşlı sürücü ölüb, həmyaşıdları xəsarət alıb.
APA-ya istinadən, Lənkəran şəhər sakini 2001-ci il təvəllüdlü Vüqar İlqar oğlu Ağazadə sükanı arxasında olduğu "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil hasara çırpılaraq yanıb.
Qəza nəticəsində sürücü V. Ağazadə hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olanlar Lənkəran şəhər sakinləri 2001-ci il təvəllüdlü Elvin Ənvər oğlu Məmmədli və İsmayıl Azər oğlu Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd edək ki, qəza nəticəsində həyatını itirən sürücü Vüqar Ağazadənin valideynlərini uşaq yaşlarında itirdiyi və yaxın qohumlarının himayəsində böyüdüyü bildirilir.
***
Lənkəranda baş verən qəzada avtomobil yanıb.
APA-ya istinadən, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran şəhərinin "Ləvəngi dairəsi" adlanan ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi xalça fabrikinin hasarına çırpılıb və avtomobildə yanğın olub.
Qəza nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi, eləcə də Cənub Regional Mərkəzin xilasediciləri, polis əməkdaşları cəlb olunublar.
Yanan avtomobil söndürülüb. Nəqliyyat vasitəsində bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.