“GTA VI” bir həftədə 4,7 milyard dollar gəlir əldə edib

“Rockstar Games” şirkəti “Grand Theft Auto VI” (GTA VI) videooyununun satışından bir həftə ərzində milyardlarla dollar qazanıb.

Bu barədə “Alinea Analytics” şirkətinin analitiki Ris Elliottun hesablamalarına istinadən “Playground” nəşri məlumat yayıb.

Ekspertin qiymətləndirməsinə görə, oyun dünya üzrə 53 milyon nüsxə satılıb. Satışların böyük hissəsi (75,7 faizi) “PlayStation 5” (PS5) konsollarının payına düşüb. Oyunun ümumi gəliri təxminən 4,7 milyard dollar təşkil edib ki, onun satışlarının 33,5 faizi ABŞ-dəki oyunçuların hesabına formalaşıb.

Məlumata əsasən, 7 milyondan çox istifadəçi oyunda 50 saatdan artıq, təxminən 250 min nəfər isə 100 saatdan çox vaxt keçirib.

Qeyd olunub ki, R.Elliottun hesablamaları “Rockstar Games” və ya “Take-Two” şirkətlərinin rəsmi göstəriciləri deyil, müstəqil ekspert qiymətləndirməsidir. Nəşriyyatçıların rəsmi statistikası maliyyə hesabatı dərc edildikdən sonra açıqlanacaq.