Avropa İttifaqı (Aİ) liderləri 2028–2034-cü illər üçün büdcənin parametrləri ilə bağlı razılığa gələ bilməyiblər. Buna səbəb üzv ölkələr arasında ciddi fikir ayrılıqları olub.
Almaniya, Niderland və Avstriya da daxil olmaqla, 7 ölkə xərclərin azaldılmasını tələb edərək müzakirələrin davam etdirilməsinə qarşı çıxıb.
Bununla yanaşı, İtaliya və Rumıniyanın rəhbərlik etdiyi 17 ölkədən ibarət qrup kənd təsərrüfatı və regional inkişaf üçün ayrılan maliyyənin əhəmiyyətli dərəcədə azaldılmasına etiraz edib.
Almaniya kansleri Fridrix Merz büdcənin bir neçə yüz milyard avro azaldılmasının zəruriliyini bildirib. O, eyni zamanda, təhlükəsizlik və Ukraynaya dəstək də daxil olmaqla, əsas prioritetlər üzrə maliyyələşmənin qorunmalı olduğunu vurğulayıb.
Kompromis əldə olunmadığı üçün noyabrın 27-də keçirilməsi planlaşdırılan sammitin davamı ləğv edilib. Növbəti müzakirələr dekabrın 17-də keçiriləcək.