Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən memarlıq abidəsinə müdaxilələr geniş müzakirələrə səbəb olub.
Bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb.
Səbail Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı Ölkə.az-ın sorğusunu cavablandırıb.
Açıqlamada qeyd olunub ki, Nizami küçəsi 46 ünvanında yerləşən qeyri-yaşayış sahəsində tarixi memarlıq abidəsinə müdaxilə xarakterli işlərin aparılması faktı aşkar olunub:
"Bununla əlaqədar qeyri-yaşayış sahəsinin sahibinə işlərin dayandırılması barədə müvafiq xəbərdarlıq edilib və həmin işlər dayandırılıb. Hazırda qeyd olunan ünvan nəzarətdə saxlanılır".
Xatırladaq ki, bir müddət öncə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin giriş qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilmişdi.
Noyabrın 26-da Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən memarlıq abidəsinin tarixi giriş qapısı orijinallığı və ilkin görünüşü qorunmaqla əvvəlki yerinə quraşdırılıb.
Könül Vəliyeva