UEFA "Beşiktaş"ın matçındakı dava ilə bağlı hərəkətə keçdi

Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel Beer Şeva” komandaları arasında Gürcüstanın Batumi şəhərində keçirilmiş UEFA Avropa Liqasının oyununda baş verən insidenti araşdırmaq üçün müfəttişlər təyin olunub.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Tribunada yaşanan hadisələri pisləyən qurum futbolda təxribatçı, ayrı-seçkilik və ya ekstremist davranışa yer olmadığını bildirib:

“Müfəttişlər hadisə ilə bağlı araşdırma aparacaq, zəruri faktları və halları müəyyənləşdirmək üçün mövcud olan bütün sübutları nəzərdən keçirəcək”.

Qeyd edək ki, dünən UEFA Avropa Liqasının V turu çərçivəsində Batumda keçirilən "Beşiktaş" - "Hapoel Beer Şeva" matçı zamanı türk azarkeşlərlə gürcü polisi arasında gərginlik yaranıb.