Bir vaxtlar dünyanın ən zəngin şəhərlərindən biri idi – İndi qumların altında qalıb - Foto

Namibiyanın cənubundakı Namib səhrasında yerləşən və XX əsrin əvvəllərində zəngin almaz yataqları sayəsində qısa müddətdə dəbdəbəli məskənə çevrilən Kolmanskop qəsəbəsi hazırda səhra qumlarının altında qalmış xəyali şəhəri xatırladır.

1908-ci ildə dəmir yolu işçisi Zakarias Levalanın bölgədə parlayan bir daş tapması və bunun almaz olduğunun təsdiqlənməsi ilə alman mədənçilər əraziyə axın ediblər.

Qısa zamanda səhranın ortasında Avropa üslubunda villalar, xəstəxana, teatr zalı, məktəb, buz fabriki və hətta Afrika qitəsinin ilk tramvay xətti inşa olunub.

Almaz hasilatından əldə edilən böyük gəlirlər sayəsində qəsəbə sakinləri yüksək rifah içində yaşayıblar. Hətta bölgədəki xəstəxanada Cənub Yarımkürəsində ilk rentgen aparatlarından biri quraşdırılıb. Lakin I Dünya Müharibəsindən sonra almaz ehtiyatlarının tükənməsi və daha cənubda — Orancmund bölgəsində daha zəngin yataqların aşkarlanması Kolmanskopun tənəzzülünə yol açıb.

1956-cı ildə sonuncu sakinlərin də ərazini tərk etməsi ilə qəsəbə tamamilə boşalıb. Baxımsız qalan binaların qapı və pəncərələrindən içəri dolan səhra qumları zamanla otaqları diz boyu örtüb. Hazırda Kolmanskop turistlərin və fotoqrafların ən çox maraq göstərdiyi açıq hava muzeyi kimi fəaliyyət göstərir.(Bizim.Media)