Bakı “Neftçi”ni paytaxt derbisində də tənha qoya bilər!

“Neftçi” bu gün Misli premyer-liqasının 13-cü turunda “Zirə”ni qəbul edəcək.

Əslində, bu matça böyük maraq olmalıdı. Azı ona görə ki, söhbət paytaxt derbisindən gedir. Həmçinin, liderliyini davam etdirən “ağ-qaralar” cari mövsümdə yalnız “qartallar”a uduzub. Belədə Yuri Vernidubun komandasının meydana qisas hissi ilə çıxacağına şübhə yoxdu. Maraqlıdı ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov premyer-liqada ukraynalı rəqibinə uduzmayan yeganə baş məşqçidi. Əlbəttə, mütəxəssis bu reallığın dəyişməsinə imkan vermək istəməyəcək. Üstəlik, “Neftçi” “Zirə”yə sonuncu dəfə 2024/25 mövsümündə qalib gələ bilib. Bu komandaların son 5 qarşılaşmasından 3-də heç-heçə qeydə alınıb, 2-də “qartallar” qələbəyə sevinib.

İş ondadı ki, bu cür intriqa dolu duelə azarkeş marağı aşağı səviyyədədi. Bu barədə “Football-plus.az”a “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib. Klub rəsmisi hələ cəmi 1500 biletin satıldığını bildirib.

Ümid edək ki, qalan saatlarda daha çox bilet sahibini tapacaq və mərkəzi matçda anşlaq olacaq! Oyunun keçiriləcəyi “Palms Sports Arena”nın 10289 tamaşaçı tutumuna malik olduğunu bildirək.

Xatırladaq ki, qarşılaşma saat 19.00-da start götürəcək.