Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserinə və Kürdəmir Rayon Psixiatriya Xəstəxanasına baş çəkiblər.

Bu barədə Ombudsmanın Mətbuat Xidməti məlumat yayıb.

Məqsəd müəssisələrdə pasiyentlərin saxlanma şəraitinin, onlarla rəftarın, psixiatriya yardımının təşkilinin, habelə hüquqlarının və qanuni mənafelərinin təmin olunması vəziyyətinin araşdırılması olub.

Başçəkmələr zamanı bu tibb müəssisələrində nöqsanlar aşkarlanıb. Belə ki, hər iki müəssisədə pasiyentlərin maddi-məişət təminatının, o cümlədən mövsümə uyğun geyim və şəxsi gigiyena vasitələri ilə təmininin lazımi səviyyədə olmaması, yataq ləvazimatların istifadəyə yararsız vəziyyətdə olması, qidalanmanın təşkilində və kadr təminatında çatışmazlıqların mövcudluğu, habelə müəssisələrin binalarında təmir işlərinin aparılmasına ehtiyac olduğu müəyyənləşdirilib.

“Yaqub Budaqov adına Psixi Xəstəliklər Dispanserində ştat cədvəli üzrə ixtisaslı həkim ştatlarında vakansiyaların olması, qidalanmanın əvvəlcədən tərtib edilmiş və təsdiqlənmiş menyu əsasında təşkil olunmaması, müəyyən edilmiş gündəlik qida normalarına tam riayət edilməməsi, camaşırxana avadanlıqlarının işlək vəziyyətdə olmaması müşahidə olunub. Kadr çatışmazlığı peşəkar tibbi xidmətlərin də əlçatanlığına təsir edir.

Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında isə kişi və qadın şöbələrinin bəzi palatalarında istiliyın olmaması, sanitariya-gigiyenik şəraitin qənaətbəxş olmadığı, o cümlədən sanitar qovşaqlarının texniki vəziyyətində çatışmazlıqlar, pasiyentlərin qida rasionuna tərəvəzlərin daxil edilməməsi, habelə sənədləşmənin lazımi qaydada aparılmaması halları aşkarlanıb.

Başçəkmələr zamanı müəyyən edilmiş hallar “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, pasiyentlərin hüquqlarının daha səmərəli təmin edilməsi, saxlanma şəraitinin və psixiatriya yardımının təşkilinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini zəruri edir.

Müəssisələrin rəhbərliyinə pasiyentlərin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi, mövcud şəraitin yaxşılaşdırılması, psixiatriya yardımının təşkili və sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Nəticələrlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət olunacaq”, – deyə məlumatda qeyd olunub.