Paşinyanın başı, bizim rahatlığımız...…

Ermənistanın konstitusiya dəyişikliyi kimi qəliz mərhələyə girməsi Azərbaycanın da üzərinə yük qoyur: gərək çalışaq yeni ana qanun rəsmiləşsin, torpağımıza xor baxan norma aradan qalxsın, bitməyən ədavətə çözüm imkanı yaransın. Yerevana gedib referendum kampaniyasına qoşulan deyilik, başqa yollar var.

Ermənistan toplumunu qıcıqlandıran, ona hakimiyyətin üstünə qalxmağa bəhanə verən addımlardan çəkinmək. Min bir itkiyə başa gəlmiş halal qələbəmizə ağayana öyünmək. Hər yol “təslim etdik”, “qovduq”, “məhv etdik” deməmək olar. Daha yüngül ifadə zəfəri kiçiltməz.

Ağrı-acını dilə gətirəndə özümüzü sıxmaq. Başımıza gətirilənlər vəhşilikdən çox-çox betər olub. Həm sözün təhəri var, həm də məqam o məqam deyil.

İrəvanlı-zəngəzurlu-göyçəli-dərələyəzli soydaşlarımızın yurd yerləri qəlb ağrımızdır. Amma bu ağrını sülh danışığı apardığımız ölkəni ürkütməyəcək tərzdə ifadə etməliyik.

Ermənistanla sərhədi dəqiqləşdirib bitirmək. Sülh sazişinə qədər. Bu iş çox uzanır.

Türkiyənin Ermənistanla sərhədinin açılmasına razılıq vermək. Ölkəsini Rusiyadan aralamaq üçün çapalayan baş nazir Nikol Paşinyanın nəfəsi genələr. Başqa gerçəklik ortaya çıxanda sərhədi bir daha bağlamaq çətin deyil.

Arxayın olmamaq. Paşinyan deyən olmasa, biz deyən də olmayacaq. Onun başı gedəcək, bizim rahatlığımız...

Hikmət Sabiroğlu