ABŞ və İran arasında müharibə hər an başlaya bilər: “Danışıqlar deyil, hərbi ritorika işə düşüb”

“ABŞ – İran arasındakı hərbi əməliyyatların bərpası hər an ola bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Politoloq İran rəsmilərinin ordunun müharibə üçün hazır vəziyyətə gətirilməsini belə şərh edib.

S. Kərimli bildirib ki, üfüqdə müharibə görünür:

“Amerika Birləşmiş Ştatları ilə İran arasında hərbi əməliyyatların bərpası hər an ola bilər. Çünki həm Amerika, həm İran son aylarda danışıqlar, belə deyək, predmetindən daha çox, danışıqlar müstəvisindən daha çox bir-birlərinə qarşı hərbi təhdidlə, hədə ilə danışmağa üstünlük verirlər. Ona görə də həm Amerika tərəfinin İrana qarşı hərbi əməliyyatları bərpa etməsi, eyni zamanda da İranın buna qarşılıq olaraq Amerikanı hədələməsi və bu hərbi əməliyyatlar zamanı Amerikaya öldürücü – Amerika, belə deyək, müttəfiqlərinə qarşı, Körfəz ölkələrindəki Amerika hərbi bazalarına qarşı öldürücü zərbələr endirməklə bağlı hədələr verirlər. Ona görə də biz hazırda danışıqlar prosesindən daha çox hərbi ritorikanın işə düşdüyünü görürük.”

Politoloq tərəflərin hər ikisinin şərtlərinin net olduğunu və müharibə bahasına belə olsa, geri çəkilmək istəmədiklərini vurğulayıb:

“Bütün bunları analiz edərək demək olar ki, həm Amerika tərəfi, həm İran bir-birlərinə qarşı irəli sürdükləri, belə deyək, şərtləri qəbul etmək istəmirlər. Həm Amerikanın İrandan tələb etdiyi şərtlər, həm İranın qarşılıqlı olaraq Amerikadan tələb etdiyi şərtlər heç də – bunların qəbul olunması heç də real görünmür. Çünki həm Amerika, həm İran bir-birlərinə qarşı çox sərt tələblər irəli sürürlər. Burada İranın dondurulmuş aktivlərinin geri qaytarılması məsələsi, kompensasiya məsələsi – hansı ki Amerikanın hərbi əməliyyatları zamanı İrana dəymiş ziyanın kompensasiya edilməsi – və eyni zamanda da İran Amerikanın İrana qarşı Hörmüz boğazında üstünlük əldə etməsi istəyi, eyni zamanda da İranın nüvə silahını əldə etməklə bağlı proqramı, yəni nüvə proqramını dayandırmaqla bağlı tələbləri. Görünən odur ki, bu tələblər heç də real görünmür, yəni bu tələblərin irəli sürülməsi. Ona görə də hesab edirəm ki, yaxın dövrlərdə hərbi əməliyyatlar yenidən alovlana bilər.”

Sonda S. Kərimli seçkilərdəki məğlubiyyətin belə Trampı geri addım atdırmayacağını diqqətə çatdırıb:

“O ki qaldı Trampın hərbi əməliyyatlar keçirəcəyi ilə bağlı Amerikadakı aralıq seçkilərin nəticələrinin bu məsələyə təsir etməsinə, hesab edirəm ki, Amerikada demokratların, belə deyək, seçkilərdə qələbə qazanması, yəni üstünlük təşkil etməsi Trampı heç də durdurmayacaq. Çünki Tramp qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün lazım gələrsə, demokratlarla da müəyyən qədər dil tapıb ortaq məxrəcə gələ bilər. Çünki burada Trampın əlində olan əsas, belə deyək, vasitə və rıçaq ondan ibarətdir ki, İranın nüvə silahı əldə etmək məsələsi Amerikanın milli maraqlarına ziddir. Ona görə də bu məsələ Amerikanın milli maraqlarından irəli gələrək, belə deyək, həllini tapmalıdır. Ona görə də Tramp demokratları inandırmağa çalışacaq və razı salmağa çalışacaq ki, İranın güclənməsi, İranın öldürücü silahlar, nüvə silahı və daha böyük, belə deyək, raket komplekslərinin əldə edilməsi ilə bağlı atdığı addımlar dayandırılmalıdır və ona görə də Amerika bu məsələdə danışıqlar vasitəçisi kimi yox, artıq heç bir vəchlə razılığa gəlməyən İrana qarşı hərbi əməliyyatlarla, yəni bu məsələni həll etmək niyyətindədir.”