Makronun Le Pen narahatlığı – Avropada siyasi savaş

Fransa Prezidenti Emmanuel Makron “Milli Birlik” partiyasının lideri Marin Le Peni Avropa İttifaqının (Aİ) uzunmüddətli büdcəsi ilə bağlı danışıqları tənqid etdikdən sonra təmkinli olmağa çağırıb.

Bu barədə “Reuters” məlumat yayıb.

“Xanım Le Pen də digər namizədlər kimi seçki kampaniyası aparır. Fransanın taleyinə artıq özü qərar verirmiş kimi düşünmək qəribə bir təkəbbürdür. Çünki əksi sübut olunana qədər o, prezident seçilməyib”, – deyə Fransa Prezidenti vurğulayıb.

Bundan əvvəl, Marin Le Pen Avropa Komissiyasını və E.Makronu 2027-ci il prezident seçkiləri ərəfəsində Aİ-nin büdcəsi ilə bağlı danışıqları sürətləndirməyə çalışmaqda ittiham edib

“Görünən məqsəd fransızlar ölkənin idarəçiliyini bizə etibar edəcəyi təqdirdə Aİ büdcəsi ilə bağlı müzakirələrdə Fransanın maraqlarını müdafiə etmək istəyimizi qırmaqdır”, – deyə Le Pen “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki Söhbət Aİ-nin 2028–2034-cü illəri əhatə edən çoxillik büdcəsindən gedir. Marin Le Pen prezident seçiləcəyi təqdirdə Fransanın Avropa İttifaqına üzvlük ödənişlərini kəskin azaltmağa və altı ay ərzində Ukraynaya yardımı dayandırmağa söz verib.

Avropalı diplomatların birinin Makronu Aİ-nin uzunmüddətli büdcəsinin Fransa prezident seçkilərinədək razılaşdırılmasında israr etdiyinə görə “cənab Şantaj” adlandırdığı bildirilir.

Bundan başqa, hazırda rəy sorğularına əsasən prezidentlik yarışının lideri hesab edilən Le Pen seçkilərdə qalib gələcəyi təqdirdə Avropa İttifaqının diplomatik xidmətinin ixtisarını və Rusiyaya qarşı sanksiyaların ləğvini də planlaşdırır.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-də, ikinci turu isə mayın 2-də keçiriləcək.