İslandiyanın "Vikinqur" klubunun qapıçısı İnqvar Yonsson dünyasını dəyişib.
37 yaşlı futbolçunun vəfatı barədə klubun rəsmi açıqlamasında məlumat verilib.
Bildirilib ki, təcrübəli qolkiper uzun müddət onkoloji xəstəliklə mübarizə aparıb.
Yonsson 2020-ci ildən "Vikinqur"un formasını geyinirdi. O, bu müddət ərzində komandanın heyətində 176 matçda meydana çıxıb.
Qeyd edək ki, qapıçı İslandiya millisində də çıxış edib. O, 2014-2019-cu illərdə yığmanın heyətində 8 qarşılaşmada iştirak edib. Yonsson 2016-cı ildə Fransada keçirilən Avropa çempionatında da milli komandanın iştirak ərizəsinə daxil edilsə də, turnirdə ehtiyat qapıçı olub. Futbolçu sonuncu dəfə 2022-ci ildə İslandiya millisinə dəvət alıb.