İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev səhhətində yaranmış problemlərə görə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilib. Onun həbs müddətinin başa çatmasına bir ildən bir qədər artıq qalırdı. Vilyam Hacıyev 2020-ci ilin mayında tutulmuş, xüsusilə külli miqdarda mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş, sonradan cəza müddəti 8 il 6 aya endirilmişdi.
Hazırda Azərbaycanda beş sabiq icra başçısı həbsdədir. Onlardan üçü barəsində məhkəmə hökmü qüvvəyə minib, ikisi isə istintaq altındadır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev 2020-ci ilin aprelində tutulub. Mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası 8 il 3 aya endirilib.
2020-ci ilin dekabrında həbs olunan Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəza müddəti 11 il 9 aya azaldılıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprelindən həbsdədir. Mənimsəmə, rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası 10 ilə endirilib.
Hazırda istintaqı davam etdirilən Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev 2025-ci ilin iyunundan həbsdədir. Xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Balakənin sabiq icra başçısı İslam Rzayevin də istintaqı hələ bitməyib. O, 2025-ci ilin oktyabrından həbsdədir. Külli miqdarda mənimsəmə və rüşvət almaqda ittiham olunur.
Son illərdə korrupsiya və rüşvətxorluq ittihamları ilə həbs olunan digər sabiq icra başçılarından Kürdəmirin sabiq rəhbəri Ceyhun Cəfərov cəzasını tam çəkərək, Yevlaxın sabiq başçısı Qoca Səmədov səhhətinə görə vaxtından əvvəl, Neftçalanın sabiq rəhbəri İsmayıl Vəliyev isə amnistiya aktı ilə azadlığa buraxılıb.
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 2021-ci ildə cəzaçəkmə müəssisəsində koronavirus infeksiyasından vəfat edib.