Türkiyədə Halk TV telekanalı ilə bağlı aparılan istintaq çərçivəsində əməliyyatların üçüncü dalğası həyata keçirilib.
Bu barədə NTV məlumat yayıb.
Əməliyyat zamanı 12 nəfərin saxlanılması barədə qərar çıxarılıb, onlardan 9-u saxlanılıb.
Saxlanılanlar arasında telekanalın aparıcısı Ece Üner və onun həyat yoldaşı Deniz Bayramoğlu da var. Halk TV-nin xəbər xidmətinin koordinatoru Hakan Kürşad Oğuz barəsində də saxlanılma qərarı verilib. İstanbul Baş Prokurorluğunun açıqlamasında onun hazırda ölkə xaricində olduğu bildirilib.
Türkiyə mediasının məlumatına görə, istintaq Halk TV-nin sahibi Cafer Mahiroğlu ilə bağlı araşdırma çərçivəsində davam etdirilir. Baş Prokurorluq bir sıra maliyyə əməliyyatlarını, həmçinin şirkətlərlə və bələdiyyələrin tenderləri ilə əlaqələri araşdırır.
Məlumata görə, istintaq çərçivəsində şübhəlilərə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və həmin təşkilatda iştirak etmək, ictimaiyyəti çaşdıran məlumatları açıq şəkildə yaymaq, rüşvətxorluq, tender proseslərinə müdaxilə və vergi-prosessual qanunvericiliyini pozmaq ittihamları irəli sürülüb.
Qeyd edək ki, sadalanan ittihamlar hələ məhkəmə tərəfindən təsdiqlənməyib.