Estoniyanın xarici işlər naziri Bakıya gəlib - YENİLƏNİB

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Azərbaycana səfərə gəlib.

Bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, bu gün Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı keçiriləcək.

“Bu, iki ölkə arasında əlaqələrin inkişafını əks etdirən mühüm mərhələdir. Müxtəlif istiqamətlər üzrə əməkdaşlığımızın dərinləşdirilməsini, regional və Avropa təhlükəsizliyinin gücləndirilməsini müzakirə etmək üçün Prezident İlham Əliyev və həmkarım, xarici işlər naziri Ceyhun Bayramovla görüşləri səbirsizliklə gözləyirəm”, – deyə Tsaxkna qeyd edib.

***

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna noyabrın 27-də Bakıya səfər edəcək.

Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Bildirilib ki, Marqus Tsaxna səfər çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcək. O, dövlət rəsmiləri ilə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın, xüsusilə biznes, innovasiya və rəqəmsal hökumət sahələrində əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq. Tərəflər həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi, regional və Avropa təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.