Gürcüstanda Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel" komandaları arasında keçirilən oyunda baş verən gərginliklə bağlı 16 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Avropa Meydanından stadiona yürüş zamanı bəzi azarkeşlər ictimai asayişi pozub və polisin qanuni tələblərinə tabe olmayıblar. Gərginlik stadionda da davam edib.
Nazirlik zorakılıq hallarının qarşısını almaq üçün polisin xüsusi vasitələrdən də istifadə etdiyini, nəticədə üç əməkdaşın müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
Açıqlamada polisin güc tətbiqinin Fələstin bayrağı və pankartların nümayişi ilə əlaqələndirilməsinin həqiqətə uyğun olmadığı vurğulanıb.
Nazirlik Gürcüstan ərazisində olan hər kəsin, vətəndaşlığından və milliyyətindən asılı olmayaraq, ölkə qanunvericiliyinə riayət etməli olduğunu xatırladıb.
Qeyd edək ki, "Beşiktaş" və "Hapoel" arasında UEFA Avropa Liqasının beşinci turu çərçivəsində keçirilən qarşılaşma Batumidə təşkil olunub. Gərginliklə yadda qalan matç "Bşeiktaş"ın qələbəsi ilə yekunlaşıb.