Qısa gəzintilər, yoxsa uzun yürüşlər?

Gün ərzində qısa və müntəzəm gəzintilər qan şəkərinin tənzimlənməsinə uzunmüddətli bir yürüşdən daha yaxşı təsir göstərə bilər.

Araşdırmaya görə, xüsusilə uzun müddət oturaq vəziyyətdə qalan insanlar üçün hər saat bir neçə dəqiqə gəzmək faydalıdır.

Obesity jurnalında dərc olunan tədqiqatda artıq çəkisi olan və piylənmədən əziyyət çəkən 30 nəfər iştirak edib. Altı həftə davam edən araşdırmada iştirakçılar həftədə beş gün, gündə 45 dəqiqə gəziblər. Onlardan bir qrupu bu müddəti fasiləsiz tamamlayıb, digərləri isə hər saat beş dəqiqə gəzintiyə çıxıblar. Nəticələr qısa gəzintilər edənlərdə qan şəkərinin daha yaxşı tənzimləndiyini göstərib.

Alimlər bunu gün ərzində əzələlərin müntəzəm aktivləşməsi ilə əlaqələndirirlər. Fiziki hərəkət zamanı əzələlər enerji əldə etmək üçün qandakı qlükozadan istifadə edir. Buna görə də uzun müddət oturmaq əvəzinə vaxtaşırı ayağa qalxmaq və gəzmək sağlamlıq baxımından əlavə fayda verə bilər.