Vətən müharibəsinin ən təsirli hekayələrindən biri də İman və Bəhrəm Məmmədzadə qardaşları ilə bağlıdır. Onlarınıkı uşaqlıqdan, təhsil illərindən, tələbəlikdən başlayıb Vətən müharibəsində çiyin-çiyinə döyüşməklə davam edən bir qardaşlıq hekayəsidir... Şəhid qardaşların həyatında hər şey birlikdə olub. İman və Bəhram Məmmədzadələrin atası Elman Məmmədov övladları ilə son telefon söhbəti, döyüş yolu barədə xatirələrini Modern.az-la bölüşüb.
"Şəhidin son fotosu" rubrikası bu dəfə İman və Bəhram Məmmədzadələrə həsr olunub.
Şəhid atası oğullarının şücaətindən qürur duyduğunu və iki qardaşın bir-birinə bağlılığını xüsusi vurğulayırdı.
"Son fotonu onlar evdən ayrılıb müharibəyə yollananda çəkdirmişdik. Mən həmişə oğullarımla fəxr etmişəm. Həmin gün də fəxr edirdim, indi şəkillərə baxanda da fəxr edirəm".
Elman Məmmədov bir-birindən ayrılmayan iki oğlunun ömür yolundan qururla danışır:
"Onlar Rusiyada oxumuşdular. Biz onlardan çox vaxt uzaq qalmışıq. Analarına çox bağlı idilər. Müharibəyə birgə yollandılar, təhsil dalınca getdikləri kimi...
Müharibə zamanı hər gün analarına görə zəng edir, yaxşı olduqlarını deyirdilər. Ancaq bu zənglər cəmi 30 gün çəkdi".
Elman Məmmədovun sözlərinə görə, oğulları ilə sonuncu dəfə elə şəhid olduqları gün danışıb və günün ikinci yarısında qardaşlar şəhadətə ucalıblar.
"Biz həmin gün telefonda danışdıq. Dəfələrlə, bu cümləni dedilər: "Ana sənə əmanətdir ata, qismət olsa, görüşəcəyik".
Bizim danışığımızdan sonra şəhid olublar. Xocavəndin Qırmızı Bazar istiqamətində bir yüksəklik var ki, oraya qalxanda mühasirəyə düşüblər. 14 nəfərlik heyətdən 11 nəfər şəhid olub.
Mənim igid oğullarım 44 günün 30 gününü çiyin-çiyinə döyüşdülər, qucaq-qucağa şəhid oldular.
Onların körpəliyi də, təhsil aldıqları dövr də, tələbəlik illəri də, əsgərlik həyatı da, döyüşü də bir yerdə oldu. Qardaşı qardaşdan vətən yolunda ölüm də ayıra bilməz. Onlar Azərbaycana, Azərbaycan tarixinə əsl qardaş necə olur onu öyrətdilər. Qardaşlıq səlnaməsi yazdılar".
İman Məmmədzadə 1998-ci il sentyabrın 14-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Subay idi. 2020-ci il noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, həmçinin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bəhrəm Məmmədzadə 2000-ci il aprelin 18-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Subay idi. 2020-ci il noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, həmçinin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.