Dünya əmtəə bazarlarında noyabrın 26-da neft qiymətləri yüksəlməkdə davam edir. Yaxın Şərqdə neft infrastrukturuna və tankerlərə hücumlar tədarüklə bağlı narahatlıqları artırdığı halda, qızıl əvvəlki günün kəskin ucuzlaşmasından sonra sabitləşməyə çalışır.
Reuters agentliyinin məlumatına əsasən, Brent markalı neftin fyuçersləri 0,1% bahalaşaraq bir barel üçün 94,71 dollara, ABŞ-nin WTI markalı nefti isə 0,4% artaraq 84,03 dollara yüksəlib.
Noyabrın 25-də Brent nefti 3,5%, WTI isə 2% bahalaşıb. Qiymət artımına Yəməndəki husilərin Səudiyyə Ərəbistanının ən böyük neft emalı müəssisəsi olan Ras-Tanuraya hücum etdiklərini açıqlamaları səbəb olub. Eyni zamanda, Hörmüz boğazında neft tankerlərinin dəniz minalarına toxunması barədə İran mənbələrinin məlumatları regiondan daşımaların təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib.
Neft bazarına ABŞ ehtiyatlarına dair statistika da təsir göstərib. Ölkənin xam neft ehtiyatları ötən həftə 1,1 milyon barel artaraq 418,9 milyon barelə çatsa da, artım analitiklərin gözlədiyi 1,5 milyon bareldən az olub. İnvestorların diqqəti noyabrın 29-da keçiriləcək OPEC+ görüşünə yönəlib. Görüşdə 2027-ci il üçün hasilat siyasəti müzakirə olunacaq.
Qızıl bazarında isə fərqli vəziyyət yaranıb. ABŞ-də inflyasiyanın sürətlənməsi və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilər qiymətli metalın əvvəlki gün kəskin ucuzlaşmasına səbəb olub. Noyabrın 25-də qızılın qiyməti 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 500 dollardan aşağı düşüb.
Noyabrın 26-da spot qızılın qiyməti bir troya unsiyası üçün 3 580,87 dollar səviyyəsində sabitləşib. Dekabr fyuçersləri isə 1,2% bahalaşaraq 3 578,70 dollara yüksəlib.
Digər qiymətli metallar da bahalaşıb. Gümüşün qiyməti 1% artaraq 41,64 dollara, platinin qiyməti 1,6% yüksələrək 1 301,33 dollara, palladium isə 2,1% bahalaşaraq 880,50 dollara çatıb.
Sənaye metalları bazarında isə qiymət dəyişiklikləri müxtəlif istiqamətlərdə olub. London Metal Birjasının gecə sessiyasında mis 0,47%, alüminium 1,1%, nikel isə 1,41% bahalaşıb. Qalayın qiyməti 5,19% ucuzlaşıb. Şanxay birjasında mis 2,24%, qalay isə 6,47% dəyər itirib.
Mis və digər sənaye metallarında son həftələr müşahidə olunan ucuzlaşma texnologiya sektorundakı satışlarla, ABŞ-də faiz artımı gözləntiləri və Çinin sənaye xammalına tələbi ilə bağlı narahatlıqlarla əlaqələndirilir. Reuters-in məlumatına görə, London Metal Birjasının altı əsas sənaye metalını əhatə edən indeksi noyabrın əvvəlindən 15% geriləyib.
ABŞ-də noyabrın 26-da Şükranlıq Günü münasibətilə bəzi maliyyə bazarlarının bağlı olması və əmtəə birjalarında ticarət saatlarının qısaldılması gözlənilir.