2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda təhsil sahəsində əsas kapitala 90,8 milyon manat investisiya yönəldilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 62,3% azdır.
Səhiyyə və sosial xidmətlər sahəsində isə investisiya 20,3% artaraq 108,9 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin hesabatına istinadən, ilk on ayda ölkə üzrə əsas kapitala investisiyalar real ifadədə 9,7% artaraq 16,52 milyard manat təşkil edib.
Təhsil və səhiyyə ilə sosial xidmətlərə birlikdə 199,7 milyon manat yönəldilib. Bu, ölkə üzrə əsas kapitala qoyulan vəsaitin təxminən 1,2%-i deməkdir.
Hesabat dövründə səhiyyə və sosial xidmətlərə yönəldilən investisiya təhsil sahəsindəki göstəricini 18,1 milyon manat, yaxud təxminən 20% üstələyib.