8-ci mərtəbədə qapalı qalan azyaşlı belə xilas edildi

Bakıda yaşayış binasında mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

Hadisə Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən doqquzmərtəbəli binada baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə xilasedicilər cəlb olunub.

FHN əməkdaşları alpinist ləvazimatlarından istifadə edərək binanın 8-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olublar.

2019-cu il təvəllüdlü uşaq xilas edilərək valideynlərinə təhvil verilib.