"Bu gün Kəlbəcərin işğaldan azad olunduğu gündür. Bu sevinci bizə bəxş edən Ali Baş Komandana, cənab prezidentimizə təşəkkürümüzü bildiririk. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazi və veteranlarımıza şəfa versin. Allah xalqımızı, millətimizi qorusun. Müharibə müddətində biz gördük ki, xalqımız necə birdir. Onlar dəmir yumruq kimi ölkə başçısının ətrafında birləşdilər. Həmin ərəfədə hər kəs Qarabağlı idi. Mən Kəlbəcərdən çıxanda 8 yaşım var idi.. Torpaqlarımız, Qarabağımız işğaldan azad olunanda övladım 8 yaşında Kəlbəcərə ayaq basdı.. Bizim üçün bundan böyük xoş gün və arzu ola bilməzdi"

Bunu Moderator. Az-a açıqlamasında Əməkdar artist Babək Niftəliyev deyib.

O daha sonra əlavə edib:

"Bu gün bizim həm sevincli günümüzdür, həm də kədərli.. Sevincli günümüz ona görədir ki, torpaqlarımıza qovuşmuşuq. Kədərli gün ona görədir ki, neçə-neçə igid oğlanlarımız canlarından keçib, özlərini torpaq uğrunda qurban verdilər. Yenə də şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımıza qovuşduq. Allah bu günləri bizə çox görməsin. Azərbaycanımıza sevincli günlər yaraşır. Bir də müharibə olmasın. Bizim də arzusu odur ki, doğma torpaqlarımızda fəaliyyət göstərək, muğamımızı dirçəldək. Biz sözümüzə, sazımıza bağlı olan insanlarıq. Hər kəsin əlindən nə gəlirsə bu torpaqlar üçün etməlidir. Şükürlər olsun ki, artıq Qarabağda muğamımız səslənir, sənətkarlar orada dərs deyir. Bütün bunlar bir zamanlar bizim ən böyük arzumuz idi" deyə sənətçi bildirib.