“Bütün günü eyvanımdan doğma torpağıma baxıram"- ”Kəlbəcərin 113 yaşlı ən uzunömürlü sakini...- ÖZƏL

“Bu gün Kəlbəcər şəhəri günüdür. Amma mənim üçün Kəlbəcər şəhəri günü doğma torpağıma köçdüyüm 16 sentyabrdır. Hər iki günü xüsusi qeyd edirik. Çox sevinliyəm. Ölkə başçısı İlham Əliyevə, ordumuza, əsgərlərimizə dua edirəm. Şəhidlərimizə rəhmət oxuyuram, qazilərimizə can sağlığı arzu edirəm. Bu günü bizə nəsib edənlərə hamımız duaçıyıq” ”

Bunu özəl açıqlamasında Kəlbəcərin ən yaşlı sakinlərindən biri olan 113 yaşlı Xeyransa Baxşəliyeva deyib.

O daha sonra əlavə edib:

“Kəlbəcərdən ayrı düşəndə öz-özümə deyirdim ki, bu nə işdir başımıza gəldi? Mən bir də Kəlbəcəri görə biləcəyəm? Yoxsa Kəlbəcərsiz öləcəm?! Gecə-gündüz ağlayırdım. Oradan çıxanda evimiz dolu qaldı.. Evdən çıxanda qapını bağladım ki, inşallah qayıdacam. Nə qayıtmaq? Vertolyot hamını aparırdı.. Qalan da yerdə qalırdı. Vertolyot qəza törətdi, bir neçə adam yaralandı, bir nəfər də öldü.. Heç vaxt yadımda çıxmaz.. Ana yolun kənarında yer qazdı və oğlunu orada basdırdı.. (kövrəlir). Sonra Gəncəyə yola düşdük. Gəncədə hamı ev gəzirdi.. Hamının yuvası dağılmışdı.. Ev yox, eşik yox. O qapıya, bu qapıya getdilər ki, ev tapsınlar. Orada bir qadın var idi. Dedi ki, “mən bu nənəyə ev verəcəm”.. Mənə öz anası kimi yanaşdı.. Həmin qadın bir neçə il əvvəl rəhmətə gedib” deyə o bildirib.

113 yaşlı Xeyransa nənə daha sonra əlavə edib:

“32 il ərzində nə qədər insan dünyasını dəyişdi. Kəlbəcərə bu gün qayıdan insanlar o çətin günlərdən, həyat savaşından qalib çıxan insanlardır. Görünür ki, onlardan biri də mən və ailəmdir. Bu xoş günün sevincini yaşayıram. Amma bir şeyə təəssüflənirəm ki, qonşularım, qohum-əqrabalarımın çoxu həyatda deyil. Bu məni kədərləndirir. Kəlbəcərə ayaq basmaq, o torpağa qovuşmaq mənim ən önəmli arzum idi. Bu arzuma çatdım. Düzdür, biz əvvəl böyük həyət evində yaşayırdıq. İndi bina evində yaşayıram. Bütün günü evdə oluram, eyvandan doğma Kəlbəcərimə baxıram. İlk dəfə Kəlbəcərə ayaq basanda evimin xarabalıqlarını gördüm. Bu gün artıq onlar yoxdur. Həmin evlər sökülüb, yollar salınıb. İndi yaşadığım bina ilə əvvəlki evim demək olar ki, bir addımlıq məsafədə yerləşir” deyə 113 yaşlı qadın deyib.