Nigeriyanın Niger ştatında bir neçə kəndə ehtimal olunan silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində azı 30 nəfər həlak olub.
Bu barədə Reuters şahidlərə istinadən məlumat yayıb.
Şahidlərin sözlərinə görə, hücum çərşənbə axşamı axşam saatlarında baş verib. Hadisənin bir neçə gün əvvəl eyni ərazidə fulani xalqına mənsub onlarla maldarın öldürülməsinə cavab olaraq törədildiyi ehtimal olunur.
Kəndlərdən birinin sağ qalan ağsaqqalı bildirib ki, hücum edənlər bir neçə yaşayış məntəqəsini ələ keçirib, evləri yandırıb və həlak olanların meyitlərinin ərazidən çıxarılmasına mane olurlar.
Qeyd edək ki, fulani icmasının nümayəndələri ötən həftəsonu Borqu rayonunda azı 64 icma üzvünün öldürüldüyünü bildirmişdilər.
Çərşənbə günü Borqu rayonuna səfər edən ştatın qubernatoru Umaru Baqo həlak olanların ailələrinə kompensasiya ödəniləcəyini açıqlayıb, sakinləri dialoqa və dinc yanaşı yaşamağa çağırıb.