"TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı"

Siyəzən rayonunun Böyük Həmyə kənd sakini Elgün Mahmudov pomidor şitilləri ilə bağlı problemlə üzləşdiyini bildirir.

Baku TV-nin qaynar xəttinə müraciət edən fermer iddia edir ki, sosial şəbəkə vasitəsilə Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən şitilçilik təsərrüfatından 10 min ədəd pomidor şitili sifariş edib. Lakin ona göndərilən şitillərin sifariş etdiyi sortdan fərqli olduğu üzə çıxıb. Nəticədə fermerin sözlərinə görə, məhsul satışa yararsız vəziyyətə düşüb və o, maddi ziyana məruz qalıb.

"Qardaş, biz yumru pomidor adı ilə şitil almışıq. Bizə gəlib çıxır uzun pomidor. Məhsulumuz qalıb yerdə. Satışa getmir. Biz nə edək?" - fermer deyib.

O bildirib ki, hər bir şitil üçün 14 qəpik ödəyib və ümumilikdə 10 min ədəd şitil alıb:

"TikTok" platformasında bir tanış var. O mənə məsləhət gördü. Birini 14 qəpiyə almışdım. 10 min dənə ştil almışdım".

Elgün Mahmudov iddia edir ki, yetişdirdiyi pomidorlar nəinki gözlədiyi sortdan fərqlənib, həm də keyfiyyət baxımından satış üçün əlverişli olmayıb.

"Güclü məhsul olmadı, satışa da getmədi. Qaldı məhsul yerində. Kimə göstərdim, bu pomidora yaxın durmadı. Bunun növü cırdır, həm də bərkdir. İçi ağ çıxdı. Dəfələrlə də soruşdum ki, işin harda yerləşir? Gəlin bir baxım, bir danışaq, yollaşaq. Bu yerini də demədi".

Elgün Mahmudov qarşı tərəfin ona dəymiş zərəri ödəyəcəyini vəd etdiyini, lakin sonradan əlaqə saxlamadığını iddia edir.

Şitil satışı ilə məşğul olan şəxs isə fermerin iddialarını qəbul etmir. O bildirir ki, sifarişçiyə məhz girdə pomidor şitilləri verilib.

"O məndən girdə pamidor istəyib. Mən də ona girdə pomidor vermişəm. İndi ola bilər də 10 min iştildən 10 dənə, 20 dənə, 100 dənə şitildə gendəyişmə olsun. Uzun pomidor çıxa bilir".

Mütəxəssislər bildirirlər ki, fermerlər meyvə bağı və ya əkin sahəsi salarkən aldıqları ting və şitillərin sortunu təsdiq edən sənədləri tələb etməlidirlər. Belə ki, şitil yetişdirən fiziki və ya hüquqi şəxsdən bitkiyə aid müvafiq sertifikat alınmalıdır. Həmin sənəddə bitkinin növü, sortun adı, eləcə də alqı-satqı müqaviləsində məhsulun dəyəri göstərilməlidir.

Qeyd edək ki, Elgün Mahmudovun müraciəti əsasında Siyəzən Şəhər Polis Şöbəsində araşdırma aparılıb. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı hər iki şəxsə qanunvericiliyin tələbləri izah olunub.