Vasif Talıbovun imzaladığı 46 fərman ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin 1998–2024-cü illərdə imzaladığı 47 fərmanı tam, daha səkkiz fərmanı isə qismən ləğv edib. Qərar dövlət qurumlarının yaradılması, onların strukturunun və əsasnamələrinin təsdiqi, eləcə də fəxri adlarla bağlı müxtəlif dövrlərdə imzalanmış fərmanları əhatə edir.Tam ləğv olunan sənədlər arasında 1998-ci ildə imzalanmış “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” fərman və 1999-cu ildə həmin adlarla bağlı Əsasnaməni təsdiq edən fərman da var. Muxtar respublikanın fəxri adları 2026-cı il iyulun 14-də qəbul edilmiş qanunla tənzimlənir. Nazirlər Kabineti Naxçıvan Beynəlxalq Hava Limanının Əsasnaməsini təsdiq edən 2004-cü il fərmanını və AMEA-nın Naxçıvan Bölməsinin Əsasnaməsi və strukturu ilə bağlı 2003-cü və 2020-ci illərin fərmanlarını da ləğv edib. Siyahıya həmçinin Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının yaradılması barədə 2007-ci il fərmanı, Naxçıvan Təlim Mərkəzinin publik hüquqi şəxs kimi yaradılması barədə 2024-cü il fərmanı və Təhsil Nazirliyinin strukturunu təsdiq edən 2010-cu il fərmanı daxildir.Qismən ləğv olunan səkkiz fərman Maliyyə, Vergilər, İqtisadiyyat, Milli Təhlükəsizlik, Rabitə və Yeni Texnologiyalar nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə bağlıdır. Qərarla həmin fərmanların əsasnamə, struktur, işçi sayı və kollegiyanın tərkibi kimi məsələlərə aid ayrı-ayrı hissələri ləğv edilib.Qeyd edək ki, Vasif Talıbov 1995-ci il dekabrın 16-dan 2022-ci il dekabrın 21-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. Onun istefasından sonra sədrin səlahiyyətlərini ardıcıl olaraq Azər Zeynalov, Anar İbrahimov və Bəxtiyar Məmmədov icra ediblər. Tam ləğv edilən 47 fərmandan 46-sı Talıbovun sədrliyi dövründə imzalanıb. “Naxçıvan Təlim Mərkəzi”nin yaradılması barədə digər fərmanı isə 2024-cü il iyulun 11-də Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov imzalayıb.