Miniatür avtomobillər populyarlaşır – Yeniyetmələr skuterlərdən imtina edi…

Avropada tam hüquqlu sürücülük vəsiqəsi tələb etməyən miniatür avtomobillərə maraq artır. Əvvəllər əsasən yaşlıların, kənd yerlərində yaşayanların və sürücülük hüququndan məhrum edilmiş şəxslərin istifadə etdiyi bu modellər indi yeniyetmələrin də seçiminə çevrilir.

Avropada miniatür avtomobillərin satışı son beş ildə iki dəfə artıb. Fransada belə avtomobillərin qeydiyyatı 2019-cu ildə təxminən 13 min olduğu halda, 2025-ci ildə 25 minə yaxınlaşıb. Avropa üzrə satışlar isə beş il ərzində 30 mindən 60 minə yüksəlib.

Bu trendin formalaşmasında 2020-ci ildə bazara çıxarılan elektriklə işləyən “Citroën Ami” modelinin xüsusi rolu olub. Kiçik ölçülü və fərqli dizayna malik avtomobil bu seqmentə olan münasibəti dəyişib. Artıq onlar yalnız məcburiyyətdən istifadə olunan vasitə deyil, gənclərin də seçiminə çevrilib.

Avropa İttifaqının motorlu ikitəkərli nəqliyyat vasitələri ilə bağlı sərtləşdirilmiş qaydaları da bu avtomobillərə marağın artmasına təsir göstərib. Yeni tələblərə uyğun moped və kiçik skuterlər istehsal etmək baha başa gəldiyindən, 2020-ci ildən bu bazar daralıb. Onların yerini isə müəyyən yaş həddindən etibarən idarə edilə bilən miniatür avtomobillər tutmağa başlayıb.

2026-cı ildə bu kateqoriyadan olan yeni avtomobillərin 67 faizindən çoxunun elektriklə işlədiyi bildirilir. Bu modellər xüsusilə ictimai nəqliyyatın zəif olduğu kənd yerlərində yaşayan yeniyetmələrə müstəqil hərəkət etmək imkanı yaradır.

Miniatür avtomobillərin maksimal sürəti saatda 45 kilometrdir. İki nəfərlik bu nəqliyyat vasitələrinin magistral yollarda istifadəsi qadağandır. Sürət və istifadə məhdudiyyətlərinə baxmayaraq, onlar yeniyetmələr arasında skuterlərə əsas alternativ kimi populyarlaşır.