Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Litvalı nazir, həmçinin akademik dairələrin nümayəndələri və iş adamları ilə də bir araya gələcək. Görüşlərdə Azərbaycan-Litva münasibətlərinin inkişafı, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.
Noyabrın 25-də Kestutis Budrisin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.