25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın milli yaddaşında tarixi Zəfərin, milli qürurun və doğma torpaqlarımıza qayıdışın rəmzi kimi xüsusi yer tutur. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Kəlbəcər Azərbaycanın zəngin tarixi, füsunkar təbiəti, təbii sərvətləri və qədim mədəni irsi ilə seçilən ən gözəl guşələrindən biridir. Uzun illər işğal altında qalan bu diyar 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra azadlığına qovuşmuşdur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsi xalqımızın tarixinə əlamətdar hadisə kimi həkk olunmuşdur.
Kəlbəcərin azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qüdrətinin və xalqımızın sarsılmaz birliyinin təntənəsi idi. Bu tarixi hadisə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmaqla yanaşı, uzun illər doğma yurd həsrəti ilə yaşayan kəlbəcərlilərin qayıdış arzusunun gerçəkləşməsinə də yol açdı.
Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Rayonun sosial-iqtisadi inkişafı, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Kəlbəcərdə müasir yaşayış evləri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri inşa edilir, avtomobil yolları çəkilir, elektrik, su və digər zəruri kommunikasiya sistemləri yenidən qurulur. Bütün bu tədbirlər sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin olunmasına, rayonun əvvəlki inkişaf səviyyəsinin bərpasına xidmət edir.
Eyni zamanda, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və Kəlbəcər rayonunda məskunlaşması prosesi mərhələli şəkildə davam etdirilir. Uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma torpaqlarına qayıtması, burada yeni həyat qurması xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Artıq Kəlbəcərdə həyat yenidən canlanır, quruculuq işləri geniş vüsət alır, doğma yurda qayıdan sakinlərin iştirakı ilə rayonun gələcəyinə yeni nəfəs verilir.
Əminliklə demək olar ki, Kəlbəcərdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışı bu qədim diyarın yeni inkişaf mərhələsinin əsasını qoyur. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, dövlətimizin gücünün və milli birliyimizin təcəssümü olmaqla yanaşı, Böyük
Qayıdışın uğurla davam etdiyinin də parlaq göstəricisidir. Kəlbəcər yenidən qurulur, dirçəlir və öz sakinlərinin timsalında əsl sahibinə qovuşur.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri