“Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsində növbəti oyuna çıxacaq - Bakıda dünya futbolunun nəhənglərindən biri “Barselona” ilə qarşılaşacaq. Etiraf etmək lazımdı ki, “bayquşlar”ın xal qazanmaq şansı o qədər də yüksək dəyərləndirilmir. Bir qədər də dəqiqləşdirsək, onların böyükhesablı məğlubiyyətdən qaçmasını arzulayırıq.
Bəs “bayquşlar” darmadağından necə qaça bilər? “Football-plus.az” oyunla bağlı bu sualı mütəxəssis Aslan Kərimova ünvanlayıb:
“Mən bu cür yanaşmıram, əslində darmadağın olacağını düşünmürəm. Hesab edirəm ki, “Barselona”ya qədər keçirilən oyunlarda “Sabah” yetərincə yaxşı performans göstərib. Oyuna başlamadan belə düşünmək olardı ki, “Sabah” İngiltərədə “Mançester Yunayted”ə qarşı oynayır, oyun birtərəfli keçəcək və rəqib bizi daim öz qapımıza sıxıb ardıcıl hücumlar quracaq. Lakin “Sabah” göstərdi ki, heç də belə olmadı — komandamız da yetərincə qol imkanı yaratdı, sadəcə, bunları dəyərləndirə bilmədik.
Əslində “Borussiya” ilə oyun ərəfəsində də eyni situasiya idi. Baxmayaraq ki, “Sabah” məğlub oldu, amma yaxşı oyun nümayiş etdirdi. Hə, təbii ki, “Barselona”nın qalib gəlmək ehtimalı daha yüksəkdi, daha çoxdu. Amma darmadağın olacaqlarına inanmıram. Ümumilikdə hesab edirəm ki, bu oyun həm “Sabah”ın futbolçuları, həm “Sabah”ın rəhbərliyi, həm də Azərbaycan futbol ictimaiyyəti və azarkeşləri üçün, belə deyək, yadda qalan idman bayramlarından biri olacaq. Ələlxüsus da futbolçular üçün. Çünki belə bir komanda ilə bilmirəm bir də nə vaxt qarşılaşacaqlar.
Azarkeşlərin bir də “Barselona”nı Bakıda nə vaxt izləyə biləcəyini demək də çətindi Ona görə də mötəbər bir gündən həzz almağa çalışmaq lazım gələcək və əminəm ki, “Sabah” nəticədən asılı olmayaraq, yaxşı çıxış edəcək”.