“Financial Times”: Tramp Rusiya ilə biznes sövdələşmələri planından imtina edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması üçün Rusiyaya iqtisadi əməkdaşlıq təkliflərini əsas təşviq vasitələrindən biri kimi istifadə etmək planını dayandırıb.

Bu barədə noyabrın 25-də “Financial Times” (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton Moskvanı sülh razılaşmasına təşviq etmək məqsədilə enerji və aviasiya sahələrində birgə biznes layihələri təklif etməyi nəzərdən keçirirdi. Lakin Rusiya tərəfinin bu təşəbbüslərə kifayət qədər maraq göstərməməsindən sonra planlar kənara qoyulub.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner avropalı rəsmilərə Rusiya ilə kommersiya sövdələşmələrinin artıq Vaşinqtonun danışıqlar strategiyasında əsas yer tutmadığını bildiriblər.

Bundan əvvəl ABŞ administrasiyası Rusiya ilə iqtisadi münasibətlərin genişləndirilməsi imkanlarını Ukrayna müharibəsinə son qoyulması üzrə danışıqların tərkib hissəsi kimi müzakirə edirdi.

Təkliflər arasında Amerika şirkətlərinin Rusiyanın enerji sektorunda fəaliyyətinin bərpası və birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları da var idi.

FT-nin məlumatına əsasən, ABŞ-nin son sülh təklifində Rusiya üçün iqtisadi təşviqlərə yer verilməyib.

Bununla belə, kommersiya təkliflərinin gündəmdən çıxarılması Vaşinqtonun Moskva ilə bütün iqtisadi əməkdaşlıq imkanlarını birdəfəlik istisna etməsi demək deyil.

ABŞ və Rusiya arasında gələcək iqtisadi münasibətlər, eləcə də mövcud sanksiyaların mümkün dəyişdirilməsi məsələləri Ukraynada müharibənin dayandırılması üzrə danışıqlardan asılı olaraq qalır.