Haalandın adı məhkəməlik oldu – Futbolçudan gözlənilməz addım

İngiltərənin “Mançester Siti” klubunun norveçli ulduzu Erlinq Haaland bu dəfə futbol meydanındakı uğurları ilə deyil, adı ətrafında yaranan hüquqi mübahisə ilə gündəmə gəlib.

Xarici mediaya istinadən, məşhur hücumçu öz adı üzərində kommersiya hüquqlarını əldə etmək üçün hüquqi mübarizə aparır.

Məlum olub ki, Norveçdə elektrik ustası kimi çalışan polşalı Mixal Vons futbolçunun soyadını Avropa İttifaqında əmtəə nişanı kimi qeydiyyatdan keçirib.

Haaland bundan 2023-cü ildə öz brendini yaratmaq istəyərkən xəbər tutub. Polşalı sahibkar futbolçunun soyadını geyim, ayaqqabı, enerji içkiləri, oyuncaqlar və hətta alt paltarları da daxil olmaqla 16 məhsul kateqoriyası üzrə qeydiyyatdan keçirib.

Maraqlıdır ki, elektrik ustası məşhur futbolçunu tanımadığını və brendin adının ingiliscə sözlərin baş hərflərindən yarandığını iddia edib.

Lakin Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsi bu izahatı qəbul etməyərək əmtəə nişanının qeydiyyatını ləğv edib. Qərar 2026-cı ilin mayında qüvvədə saxlanılıb.

Bununla barışmayan sahibkar iyul ayında Avropa İttifaqının Ümumi Məhkəməsinə müraciət edib.

Hazırda tərəflər arasında hüquqi mübarizə davam edir.