İranın xarici təzyiqlər qarşısında iqtisadi və siyasi dayanıqlığı yenidən müzakirə mövzusuna çevrilib. Xarici işlər naziri Abbas Əraqçi İranın qurudan blokadaya alınmasının mümkünsüz olduğunu bildirir.
Ölkənin geniş ərazisi, çoxsaylı quru sərhədləri və qonşu dövlətlərlə əlaqələri bu iddianı nə dərəcədə əsaslandırır? İranın qurudan təcrid edilməsi və bu yolla iqtisadi baxımdan çökdürülməsi real ssenaridirmi?
Mövzu ilə bağlı Busaat.az-a danışan siyasi şərhçi Oqtay Qasımov hesab edir ki, İranın coğrafi mövqeyi onun qurudan tam blokadaya alınmasını faktiki olaraq mümkünsüz edir.
Onun sözlərinə görə, İran kifayət qədər böyük əraziyə və minlərlə kilometr uzunluğunda quru sərhədlərinə malikdir. Ölkənin Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Türkiyə və İraqla quru sərhədlərinin olması onun tam təcrid edilməsini çətinləşdirən əsas amillərdəndir. Bununla yanaşı, İranın Hind okeanına çıxışı və dəniz sərhədləri də mövcuddur.
Siyasi şərhçi qeyd edib ki, ABŞ-ın Hörmüz boğazı yaxınlığında İrana qarşı dəniz istiqamətində təzyiqləri və ölkəni quru yollarından da mühasirəyə almaq cəhdləri olsa belə, bütün sərhəd xəttinə nəzarət etmək real görünmür.
O.Qasımovun fikrincə, minlərlə kilometr ərazidə blokada rejimi yaratmaq, bütün sərhəd istiqamətlərini nəzarətdə saxlamaq və bu yolla İranı çökdürmək son dərəcə çətin, faktiki olaraq mümkünsüzdür.
Şərhçi vurğulayıb ki, xüsusilə Pakistan, Əfqanıstan və Türkmənistan istiqamətlərindən ölkənin tam mühasirəyə alınması və belə bir blokadanın nəticə verməsi inandırıcı deyil.
Beləliklə, Oqtay Qasımov Abbas Əraqçinin İranın qurudan blokadaya alınmasının mümkünsüzlüyü ilə bağlı mövqeyini əsaslı hesab edir.
Şəhla Sabirli