Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb

Qadınlara qarşı zorakılıq fərdi və ya ailədaxili məsələ deyil, insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq" beynəlxalq kampaniyası ilə əlaqədar videomüraciətində bildirib.

O, videomüraciətində qadınlara qarşı zorakılığın bütün formalarının qarşısının alınması üçün cəmiyyətə və mediaya çağırış edib. Fiziki, psixoloji, iqtisadi və ya rəqəmsal olmasından asılı olmayaraq, zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz və belə halların qarşısı qətiyyətlə alınmalıdır.

Səbinə Əliyeva xatırladıb ki, Azərbaycan da hər il noyabrın 25-dən dekabrın 10-dək qlobal miqyasda keçirilən "Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq" kampaniyasına qoşulur. Builki kampaniya "Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək: Ədaləti bərqərar edək, zərərçəkənləri müdafiə edək, cəzasızlığa son qoyaq!" şüarı altında keçirilir.

Ombudsman Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planında müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün hər kəsi imkanlarını səfərbər etməyə çağırıb. O, xüsusilə medianın gender əsaslı zorakılığın bütün formalarının qarşısının alınmasında rolunu qeyd edərək gender bərabərliyi mədəniyyətinin daha geniş təbliğinin zorakılıq hallarının minimuma endirilməsinə töhfə verə biləcəyini bildirib.

Müvəkkil əlavə edib ki, zorakılıqdan zərər çəkmiş şəxslər maksimum müdafiə və hərtərəfli qayğı ilə təmin edilməli, onların ədalətli mühakimə hüququna zəmanət verilməli, təqsirkarlar isə məsuliyyətə cəlb olunmalıdır.

Səbinə Əliyeva zorakılıqla üzləşən və ya yaxınlığında belə hallardan əziyyət çəkən şəxslərin hüquq-mühafizə orqanlarına, yaxud Ombudsmanın "916" Çağrı Mərkəzinə müraciət etməsinin vacibliyini də vurğulayıb.

O bildirib ki, hüquqi mexanizmlərin gücləndirilməsi və vətəndaş həmrəyliyinin nümayiş etdirilməsi qadınlar üçün təhlükəsiz və ədalətli gələcəyin qurulmasına imkan verəcək.

Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb