Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib. Saxlanılması barədə qərar verilən 35 şübhəlidən 23-ü tutulub. Saxlanılanlar arasında müğənni Özcan Deniz, aktrisalar Deniz Çakır və Burcu Özberk də var. Bu barədə İstanbul Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, əməliyyat çərçivəsində saxlanılan şəxslərin siyahısına Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Deniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcan Deniz, Saghar Shojaeı, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayadan, Seher Grothe Sevdişan, Murat Başoğlu, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın və Muammer Kapucuoğlu daxildir.

Prokurorluğun açıqlamasına görə, istintaq fahişəlik, narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, istifadəsi və saxlanılması ilə bağlı cinayət əməlləri üzrə davam etdirilir.

Şübhəlilərin ifadələri, şahid ifadələri, mobil telefonlar və rəqəmsal materiallarla bağlı ekspertiza rəyləri, eləcə də məxfi şahidlərin ifadələri araşdırıldıqdan sonra 35 nəfər barəsində narkotik maddə istifadə etmək və ya saxlamaq şübhəsi ilə saxlanılma qərarı verilib.

Saxlanılan şəxslərin tibbi müayinədən sonra narkotik testi üçün Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna aparıldığı, daha sonra prokurorluqda ifadələrinin alındığı bildirilir.

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun məşhurlara qarşı narkotik istintaqı çərçivəsində 8 oktyabr 2025-ci ildən indiyədək bir sıra əməliyyatlar keçirilib. İstintaqa musiqiçilər, aktyorlar, menecerlər və iş adamları cəlb olunub.