Türkiyəli müğənni və aktyor Özcan Deniz İstanbulda məşhurlara qarşı narkotik və insan alveri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Türkiyə mediasına istinadən, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Keçirilən əməliyyatlar nəticəsində 19 nəfər saxlanılıb.
Saxlanılanlar arasında Özcan Denizlə yanaşı, aktrisa Deniz Çakır, Burcu Özberk və aparıcı Murat Başoğlu da var.
İstintaq narkotik vasitələrin qanunsuz dövriyyəsi, təmin edilməsi, istifadəsi və saxlanılması, eləcə də insan alveri bağlı ittihamları əhatə edir.
Baş Prokurorluğun məlumatına görə, qərar şübhəlilərin izahatları, şahid və gizli şahid ifadələri, habelə mobil telefonlar və digər rəqəmsal materiallar üzərində aparılmış ekspertiza araşdırmalarının nəticələri əsasında verilib.
İstintaq bütün istiqamətlər üzrə davam edir.