Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib

Gəncə şəhərində güclü küləyin ağacı aşırması nəticəsində evə və iki avtomobilə ziyan dəyib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

İrigövdəli çinar ağacının iri budağı bir evə, mağazanın damına və iki avtomobilin üzərinə düşüb. Mağazanın tavanına və nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, aşmış ağacın ərazidən götürülməsi istiqamətində işlər aparılır.