Ukraynanın bu əməliyyatı NATO-nu qorxutdu

Beş ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində hərbi əməliyyatların iki ölkənin sərhədlərindən kənara çıxması bəzi NATO üzvlərində ciddi narahatlıq yaradıb.

Bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski həftəsonu Liviya sahilləri yaxınlığında, Aralıq dənizində Rusiya gəmilərinə edilən hücumları təsdiqləyib.

Dəniz dronları ilə həyata keçirilən zərbələr nəticəsində Rusiyanın "Merkuri" korvet gəmisi batırılıb, ABŞ sanksiyaları altında olan "MV Angara" yük gəmisi isə zədələnib.

Bundan əlavə, şənbə günü Fin körfəzinin beynəlxalq sularında qanunsuz silah daşıdığına görə sanksiya siyahısında olan Rusiyanın "Sparta II" yük gəmisinə də 7 ədəd yerli istehsal olan dəniz dronu ilə zərbə endirilib. Zelenski bu əməliyyatları Rusiyanın qurudan, dənizdən və havadan endirdiyi ölümcül zərbələrə qarşı "özünümüdafiə" adlandırıb.

Baş verən insidentlər bəzi Avropa paytaxtlarında narahatlıqla qarşılanıb. İtaliya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya əsasən, xarici işlər naziri Antonio Tayani ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığında münaqişənin Aralıq dənizinə yayılmasının qarşısını almağın Roma üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Norveçin müdafiə naziri Tore Sandvik də Fin körfəzindəki hadisədən sonra öz ətraflarındakı bölgələrdə sabitliyin qorunmasının vacibliyini ukraynalı rəsmilərlə müzakirə etdiklərini bildirib.

Gərginlik təkcə dənizlərdə deyil, NATO-nun quru sərhədlərində də artmaqdadır.

Polşa rəsmiləri çərşənbə axşamı Rusiyaya məxsus kəşfiyyat dronunun qısa müddətə ölkənin hava məkanını pozduğunu açıqlayaraq bunu "qəsdən edilən təxribat" kimi qiymətləndiriblər. Ötən həftə isə üç Rusiya raketi Polşa ərazisinə düşmüşdü. Eyni zamanda, Estoniya Rusiya kəşfiyyatının təxribat planlarına cavab olaraq dekabrın 1-dən Rusiya ilə quru sərhədini bağlayacağını elan edib.

Məsələni telekanala şərh edən ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hoces isə hesab edir ki, Ukraynanın bu addımları Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanmasını" və enerji ixracını zəiflətməyə yönəlmiş qanuni müdafiə tədbiridir. Ekspertin sözlərinə görə, əksər Avropa ölkələri Kiyevin bu taktikasını anlayışla qarşılayır.