Dünyanın musiqi striminq nəhənglərindən olan "Tidal" başdan-ayağa süni intellekt tərəfindən yaradılan musiqiləri platformada qadağan etmək və mövcud kataloqdan silmək barədə qərar qəbul edib.
Yeni qaydalar dekabrın 9-dan qüvvəyə minəcək. “Tidal” bu addımı atan ilk böyük abunə əsaslı musiqi platforması olacaq.
Təmizləmə prosesi ilin sonuna qədər tam başa çatdırılacaq və nəticədə platformanın kataloqundan 29 milyona yaxın süni intellekt mahnısı silinəcək. Bundan əlavə, sistem gündəlik olaraq yüklənməyə cəhd edilən təxminən 80-85 min süni intellekt trekini avtomatik rədd edəcək. Şirkət bu məqsədlə 99% dəqiqliklə işləyən texnologiyadan istifadə edir. Eyni zamanda, musiqi distribütorlarına da başdan-ayağa süni intellekt alətləri ilə yaradılmış məhsulları platformaya göndərmək qadağan edilib.
Şirkət rəhbərliyini belə sərt addım atmağa vadar edən əsas səbəb son aylarda müşahidə olunan kütləvi "süni intellekt axını" olub. Statistikaya görə, son 90 gün ərzində platformaya yüklənən bütün yeni treklərin 43 faizi tamamilə süni intellekt məhsulu olub. Hətta noyabrın 6-da platformaya daxil olan musiqilərin 60 faizindən çoxunun süni intellekt tərəfindən yaradıldığı qeydə alınıb. Lakin ən diqqətçəkən məqam odur ki, bu süni intellekt mahnılarının 96 faizi son üç ayda ümumiyyətlə heç kim tərəfindən dinlənilməyib və sıfır dinləmə qeydə alınıb. Platformada aşkarlanan süni intellekt mahnılarının 94 faizinin məşhur "Suno" aləti vasitəsilə hazırlandığı bildirilir.
Şirkət vurğulayır ki, kütləvi şəkildə yüklənən keyfiyyətsiz süni intellekt trekləri real musiqiçilərin əsərlərini kölgədə qoyur, dinləyiciləri çaşdırır və qonorar bölgüsünə zərər vurur. Bundan əlavə, "Tidal" indiyədək məşhur sənətçilərin səsini və ya adını təqlid edən 65 mindən çox saxta süni intellekt trekini platformadan sildiyini açıqlayıb.
Qeyd edək ki, yeni qadağa yalnız 100% süni intellekt tərəfindən yaradılan musiqilərə şamil edilir; yaradıcılıq prosesində süni intellektdən köməkçi vasitə kimi istifadə edən, lakin əsas işin insan əməyinə söykəndiyi mahnılar platformada qalmağa davam edəcək. "Tidal" rəhbərliyi digər rəqib platformaları da real sənətçiləri dəstəkləmək üçün oxşar addımlar atmağa çağırıb.