Almaniyada toxunma hissini bərpa edə bilən beyin-kompüter interfeysi sınaqdan keçirilib

Alman neyrocərrahları elektrik stimulyasiyası vasitəsilə toxunma hisslərini oyatmağa imkan verən yeni nəsil beyin-kompüter interfeysini uğurla sınaqdan keçiriblər.

Sınaqlar Münhen Texniki Universitetinin klinikasında beyin şişinin çıxarılması əməliyyatı zamanı aparılıb. Xəstə əməliyyat müddətində şüurlu olub və bu, həkimlərə onun elektrik impulslarına reaksiyasını qiymətləndirməyə imkan verib.

Təcrübə zamanı beynin səthinə müvəqqəti olaraq 512 mikroelektroddan ibarət cihaz yerləşdirilib. Xəstə stimulyasiya nəticəsində yaranan hissləri toxunma və qarışqa gəzməsi kimi təsvir edə bilib. Sınaqlar başa çatdıqdan sonra cihaz çıxarılıb.

Beyin interfeysi İlon Maskın “Neuralink” şirkəti ilə rəqabət aparmağı hədəfləyən Almaniyanın “Futrue Neurosciences” şirkəti tərəfindən hazırlanıb. Texnologiyanın əsas xüsusiyyəti elektrodların beyin toxumasına nüfuz etmədən onun səthinə yerləşdirilməsidir.

Tərtibatçılar gələcəkdə bu texnologiyanın iflic olan insanlara robot mexanizmlərini idarə etməyə və eyni zamanda toxunma hisslərinə bənzər sensor geribildirim almağa imkan verəcəyinə ümid edirlər.