Türkiyədə məşhurlara qarşı əməliyyat: Özcan Deniz də saxlanıldı

İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosunun apardığı araşdırma çərçivəsində 35 şübhəli barəsində saxlanılma qərarı verilib.

Saxlanılanlar arasında məşhur müğənni Özcan Deniz də var.

Baş Prokurorluğun açıqlamasında narkotik və ya psixotrop maddələrin ticarəti, həmin maddələrin təmin edilməsi, narkotik vasitələrdən istifadə və ya onların saxlanılması ilə bağlı istintaqların davam etdirildiyi bildirilib.

Qeyd olunub ki, şübhəlilərin ifadələri, şahidlərin ifadələri, müsadirə edilmiş mobil telefonlar və rəqəmsal materiallar üzrə ekspertiza nəticəsində hazırlanmış hesabatlar, eləcə də gizli şahidlərin ifadələri qiymətləndirilib. Bu məlumatlar əsasında narkotik maddələrdən istifadə edilməsi və ya saxlanılması ilə bağlı şübhələr yaranan 35 nəfər barəsində saxlanılma qərarı verilib.