Ukrayna Prezidenti Volodimir Zelenski Zakarpatyedə Macarıstanın Baş naziri Peter Madyarla görüşüb, tərəflər energetika sahəsində əməkdaşlığı, ikitərəfli ticarəti, humanitar dəstək və birgə infrastruktur layihələrini müzakirə ediblər.
Zelenski bunu teleqram kanalında açıqlayıb.
Onun sözlərinə görə, müzakirə olunan mövzular Ukraynaya qaz və dizel yanacağı təchizatı, eləcə də Macarıstan şirkətləri tərəfindən Ukrayna qaz anbarlarından istifadənin genişləndirilməsi olub.
"Birgə infrastruktur layihələri mövcud sərhəd keçid məntəqələrinin yenidən qurulmasını və yenilərinin yaradılmasını, eləcə də Ukrayna ilə Macarıstan arasında yeni marşrutlar üzrə birbaşa qatarların hərəkətini əhatə edir", - Ukrayna lideri bildirib.
Humanitar minaların təmizlənməsinə xüsusi diqqət yetirilib. Zelenski bildirib ki, bütün məsələlər üzrə konkret razılaşmalar əldə edilib və müvafiq qurumlara onların həyata keçirilməsinə başlamaq tapşırılıb.
Bundan əlavə, Çopda keçirilən Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında Macarıstan da daxil olmaqla, qonşu ölkələrlə münasibətlərin möhkəmləndirilməsi, taxıl ixracı, cəbhə bölgələrinin Rusiyanın hava hücumlarından qorunması və sülhə nail olmaq səyləri müzakirə edilib.
Zelenski sentyabrda Ukraynanın bölgədəki səkkiz ölkəni birləşdirən Karpat İnteqrasiyası Təşəbbüsünü irəli sürdüyünü xatırladıb. Onun sözlərinə görə, Kiyev bu formatı inkişaf etdirmək niyyətindədir və Budapeştin, o cümlədən ən yüksək səviyyədə iştirakına ümid edir.