“Bu gün atamın bizdən ayrıldığı gündür. Məzarını ziyarət edib, evdə atamın adına ehsan verdik. Hələ də inana bilmirik ki, atam bizimlə deyil. Bilirsiniz ki, atam koronavirusdan dünyasını dəyişdi. Hər şey qəfil oldu. O vaxt ailə üzvlərimizdən çoxu virusa yoluxmuşdu. Anam da, əmim də, əmimin yoldaşı da. Hamısı müalicə alıb çıxdı, atamdan başqa. Çünki atam insult keçirmişdi, şəkəri də, təzyiqi də var idi. Qanında laxtalanma çox idi”
Bunu açıqlamasında Xalq artisti Əjdər Həmidovun qızı Pərvanə Həmidova deyib. O daha sonra əlavə edib:
“Deməzdim ki, atamın istedadından kinoda çox istifadə olunub. 90-cı illərə düşdü, kino çəkilmədi, teatr tamaşaları az idi. Düşünürəm ki, o illəri bir az boşluğa düşdü. Sonralar başladı Xalq artisti Vaqif Mustafayev onu silsilə filmlərində çəkməyə. Yenə də atamın bacarığının qarşısında o çəkildiyi filmlərin sayı çox az idi. Bəlkə də o istedadını yalnız səhnədə göstərə bildi. Atam sırf bu iş üçün yaranmışdı. Özünü incəsənətə həsr etmişdi. Canla-başla işinin arxasınca qaçırdı. O qədər mədəni və sakit təbiətli biri idi ki.. Biz bir dəfə də onun ağzından söyüş eşitməmişik, kobudluq görməmişik. Mən həyatımda atam qədər ikinci bir mədəni insana rast gəlməmişəm” deyə sənətkarın qızı idi.
Pərvanə xanım atasının son günlərindən də danışıb:
“Ölümü onun üçün də gözlənilməz oldu. Xəstəxanada yatanda tez-tez əlaqə saxlayırdıq. Deyirdi ki, “qızım, bura elə yaxşıdır ki, həkimlər, tibb bacıları başıma dolanır”. Əsas odur ki, hər şeydən razı idi. Biz fikirləşirdik ki, atam iflic olacaq, yatağa düşəcək amma ölməyəcək.. Sonuncu dəfə telefonla danışanda məndən naringi istədi. Dedim ki, 1 saata çatdıracam. Xəstəxanaya saatla buraxırdılar, yemək falan qəbul etmirdilər. Pal-paltar apardım, mandarin də aldım. Sonra telefonu götürmədi. Həkimlər dedi ki, vəziyyəti ağırdır, aparata qoşulub. Süni tənəffüs aparatına qoşmuşdular. Ürəyimdə qaldı.. Hələ də bilmirəm atam o mandarini yeyə bildi yoxsa yox? (kövrəlir)” deyə Xalq artistinin qızı deyib.